Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Hüseynağa Quliyev: “Anam meyitxanada üzünü üzümə söykəyəndə nəfəs aldığımı hiss etdi”

0

  •         Quliyev Hüseynağa Aydın oğlu  1966-cı il yanvar ayının 23-də Xocalıda anadan olmuşdur. O,  könüllülərdən ibarət Xocalı Özünümüdafiə Taborunda post komandiri kimi düşmənlərə qarşı mübarizəyə qoşulmuşdur. Xocalı soyqırımı zamanı Hüseynağanı, anasını, ömür-gün yoldaşını, iki azyaşlı əkiz körpəsini və yaxın qohumlarını erməni quldurları girov götürmüşdü.
         15 avqust tarixdə müsahibimlə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində görüş təyin etdim. 8 gün erməni zindanında dəhşətli işgəncələrə məruz qalmış, əsirlikdən azad edildiyi gün öldüyü zənn edilərək 1 gün meyitxanada saxlanılmış və əsirlikdən azad edildikdən sonra həyatda qalma mücadiləsini aparan Hüseynağa Quliyevdən aldığım müsahibəni oxuculara təqdim edirəm.
            - 26 il əvvəl Xocalıda ermənilərin törətdiyi soyqırım aktını, müsibətli günləri necə xatırlayırsınız?
            - Xocalı soyqırımından əvvəl ermənilər rabitə ilə bildirirdilər ki, Sumqayıtda törətdiyiniz hadisələrin əvəzini Xocalıda alacağıq. Ovaxtkı səriştəsiz hakimiyyət Xocalıya kömək etmədi. Xocalı hər tərəfdən mühasirəyə alınmışdı. Strateji cəhətdən əlverişli mövqedə yerləşən Xocalıya hər gün atəş açılırdı. Fevral ayının 25-dən 26-na keçən gecə erməni quldurları Xankəndində yerləşən 366-cı motoatıcı alayın köməyi ilə Xocalıya hücum etdilər. Mən birinci postda dayanmışdım. İkinci post alınarkən ermənilər Xocalını yandırmağa başladılar. Məhsəti türkləri üçün tikilmiş evləri alov almışdı. Ailə üzvlərim, yaxın qohumlarım və digər sakinlərlə birlikdə şəhəri məcburən tərk etməyə başladıq. Mümkün qədər hər kəs bir-birinə kömək etməyə çalışırdı. Qarqar çayını çətinliklə keçib Kətik dağının ətəyinə çatdıq. Orada dedilər ki, guya xəbər yayılıb ki, ermənilər dinc sakinlərin çıxması üçün dəhliz yaradıb. Mən bu xəbərin yalan olduğunu duymuşdum. Çünki erməni xislətində vəhşilik, saxtalıq olduğunu bilirəm.
            - Necə oldu ki, erməni vəhşilərinə əsir düşdünüz?
            - Qarqar çayının sahili ilə üzü Ağdama tərəf getmək istəyənlərə dedim ki, belə şey ola


    bilməz, ermənilər camaatı qırmaq üçün belə deyirlər. Bir qrup ayrılıb Ağdama tərəf yol aldılar. İçində mən və ailə üzvlərim olduğum qrup isə Kətik dağına tərəf üz tutduq. Bir qədər getmişdik ki, güllə-boran, qışqırtı səsləri gəldi. Ermənilər çayın sahili ilə istiqamət alan sakinlərin qarşısını kəsib BMP, BRDM və digər ağır silahlarla güllələmişdilər. Kətik dağına çıxan bütün cığırların qarşısında erməni silahlıları dayanmışdı. Cığırlar isə sıldırımlı yerlərdən keçirdi. Ehtiyatsızlıq edənlər uçurumdan düşürdü. Faciə axşamı güclü qar yağırdı. Kətik dağında duman var idi. Dağın başına çatanda ermənilər bizi atəş altında saxladılar. Meşəyə tərəf qaçdıq. Meşənin içində enli cığır var idi. Mən həmin cığırla getmək istəmədim və arxada qaldım. Qaynım qayıdıb mənə dedi ki, atam səni gözləyir. Ona dedim ki, bu yol hansısa erməni kəndinə çıxır, getsək hamımız əsir düşüb qırılacağıq. Dedilər ki, aşağıda işıq yanır, həmin tərəfə gedəcəyik. Mən məcbur olub onlarla getməli oldum. Dağın açıqlıq yerinə çıxanda ermənilərlə atışma oldu. Bir qədər sonra ermənilər azərbaycanca dedilər ki, mühasirəyə düşmüsünüz, silahı atıb təslim olun. Xocalı Özünümüdafiə Taborunun döyüşçsüsü Xasay bizdən aralıda yaralanmışdı. O, yaxşı döyüşçü idi. Mühasirədən kənarda qalmışdı. Ermənilər onun öldüyünü zənn edib yanından keçmişdilər.
            - Neçə nəfərinizdə silah var idi?
            - Mənimlə birlikdə 2-3 nəfərdə avtomat və ov tüfəngləri var idi. Mən yoldaşlara dedim ki, atmayın, içimizdə uşaqlar var.  Özüm kənara çəkilib qayanın arxasına keçdim. Əsir düşmək fikrim yox idi. Yaqubun qardaşı Məhəmməd kişi də yanıma gəlmişdi. Ona dedim ki, mən erməniyə güllə atanda özünü qayadan atarsan. Məhəmməd kişi atəş açmağımı gözləmədi. Başını çıxaran kimi onu vurdular. Qayadan aşağı düşdü. Gördüm ki, üç erməni qayaya tərəf yaxınlaşır. Avtomatı tək-təkə qoydum. Ani məqamda ortadan gələnə güllə atdım. Onun vurub-vurmadığımı dəqiq bilmədim. Ancaq gördüm ki, üçü də yerə uzandı. Sonra özümü qayadan atdım. Təxminən 10-15 metrdən sonra daşdan yapışıb dayandım. Məhəmməd  kişi də həmin yerdə idi. O ölmüşdü. Onu aparmaq istəsəm də bu fikrin heç bir faydası olmadığını düşündüm. Bir qədər sonra dağın yamacı ilə dolayı getdim. Gördüm ki, arxamda iki erməni dayanıb. Həmin ermənilər qayanın arxasından atəş açdığım ermənilər idi. Ancaq üçüncüsü yox idi. Onlar məni vura bilmədilər. Meşəyə üz tutdum. Meşəyə girəndə gördüm ki, meşənin aşağı tərəfində qırmızı işıqlar yanır. Həmin işıqlar erməni tankının stop işıqları idi. Geri qayıtmaq istəyəndə tankla mənə atəş açdılar. Zərbənin havası məni yıxdı. Ayağıma qəlpə dəymişdi. Mənim huşum getmişdi. Bir qədər sonra yavaş-yavaş ayıldım. Erməni quldurları məni əhatəyə almışdılar.  Məni orada möhkəm döyüb sonra apardılar. Həmin axşam məni elə döydülər ki, ayaq üstə dayana bilmirdim. Səhər ayılanda gördüm ki, əynimdə paltarlarım yoxdur. Huşum özümdə olmayan vaxtı məni benzinlə yandırmışdılar. Tacirin qardaşı İsmayıl, Əmir kişinin oğlu Kamil, Şahmalı müəllimin oğlu Faiq mən yanmayım deyə paltarımı çıxardıblar. Əynimdə hərbi geyim olduğu üçün hər gün mənə amansız xüsusi işgəncələr verirdilər.
            - Hansı işgəncələrə məruz qaldınız?
            - Çənəmi, burnumu, ayaq barmaqlarımı, qabırğalarımı qırdılar. Belimə vurduqları zərbə


    hələ də yadımdadır. Ağzıma armatur salıb alt dodağımı cırdılar. Əsirlikdən dönəndən sonra dodağıma tikiş qoydular. Alnımın, başımın sümüklərini qırmışdılar. Məndən hərbi sirlər almaq istəyirdilər. Mən isə bilmirəm, tanımıram cavabını verəndə işgəncələr şiddətlənirdi. Bir dəfə məni çölə çıxardıb başsız meyitin üstünə yıxdılar ki, danışmasan başını kəsəcəyik. Bir cavab görməyincə məni bir gün buzun üstündə saxladılar. Ömrüm boyu ağlıma gəlməz ki, mən kimisə satam.
            Sonra məni, nağaraçı Vəliyyədini, Faiqi Əsgəran Milis Bölməsinə gətirdilər. Bizə ölüm hökmü oxunmuşdu. Faiqi gözümün qarısında güllələdilər. Milis bölməsinin həyətində 2 metr hündürlüyündə xüsusi divar tikmişdilər. Orada əsirləri öldürüb dərəyə atırdılar. Faiqi həmin yerdə güllələdilər. Sonra Edik adında erməni gəlib burada hərbçi kimdir dedi. Dedim yoxdur. Qəflətən avtomatın lüləyini ağzıma saldı. Fikirləşdim ki, sonumdur. Amma avtomatın lüləyini ağzımdan çıxarıb ayağımın altına güllə atdı. Ağzımın içi qanla dolmuşdu. Dişlərim qırılmışdı. Məndən sirr almaq üçün yəqin hələ öldürmək istəmirdilər. Məni Faiqin meyitinin yanına gətirdilər. Ermənilər Faiqin meyitini hələ dərəyə atmamışdılar. Mən onun bədənində 32 güllə yeri saydım. Ağzından qan gəlirdi. Ürəyi hələ sağ idi. Ermənilərə dedim ki, icazə verin Faiqin kürəyini divara söykəyim qan boğmasın. Mənə güldülər. Erməninin biri gedib kənarda dayandı. Əlində pulemyot vardı. Fikirləşdim ki, onun üstünə gedib, silahı nı alıb üzümlüyə girərəm.
            - Bəs səhhətiniz buna cəhd etməyə imkan verdi?
            - Onsuz da işgəncələrdən cana yığılmışdım. Özümdə elə bir gü-cün olduğunu düşünürdüm. İnsan axır məqamda nəsə etmək istəyir. Bu fikirlə həmin erməninin üstünə getdim. Silahının lüləyini əlimlə tutdum. Ancaq həmin anda başımdan zərbə dəydi. Bir qədər sonra ayıldım ki, yerdə sərili qalmışam. Hər tərəfim qan içində idi. Aradan bir qədər keçəndən sonra bir erməni içəri girib azərbaycanca dedi ki, Hüseynağa kimdir? Danışa bilmədiyim üçün əlimlə işarə etdim ki, mənəm. Amma o məni görmədi və digər kameraya keçdi. Yenə geri qayıtdılar. Məni soruşanda əl işarəmi gördülər. Kənardan dedilər ki, bu onsuz da ölür. Məni axtaran dedi ki, cəhənnəmə ölür-ölsün. Bunu sağ istəyiblər, aparaq, ölər də, orada ölər. Məni ayağa qaldırıb dedilər ki, sənin ağzını-gözünü təmizləyib aparacağıq. Yıxılsan qalacaqsan, yerisən gedəcəksən. Başıma papaq qoydular ki, başımdan axan qan üzümə axıb görünməsin. Ağdamın Qarağacı qəbiristanlığına çatanda məni buraxdılar. Təxminən 20 addım gələndən sonra dayanıb nəsə demişəm. Ondan sonrasını xatırlamıram. Ayaq üstündə sayıqladıqdan sonra yerə yıxılmışam. Mənim öldüyümü zənn edib Ağdama meyitxanaya gətirib qoyublar. Bir gün meyitxanada qalandan sonra məni dəfn üçün aparmağa gəliblər. Meyitxanada üzümə sərilən mələfəni açanda hiss etdim ki, gözlərimə işıq düşdü. Eşitdim ki, bir nəfər soruşur ki, ölübdür? Bu səs anamın səsi idi. Ağlaya-ağlaya dedi ki, qoy üzünə baxım. Anam üzünü üzümə söykəyəndə nəfəs aldığımı hiss etdi. Sonra məni Ağdam xəstəxanasına apardılar. Ağdam xəstəxanası qəbul etmədiyinə görə, oradan Bakıya Neyrocərrahiyə xəstəxanasına gətirdilər. Xəstəxanada sağalmağıma heç kim inanmırdı. Bir müddətdən sonra bədənim şişdi. 2 ildən çox müalicə aldım. Əvvəllər danışmırdım. Getdikcə dilim yavaş-yavaş açıldı. Ancaq eşitdiyiniz kimi hələ də dilimdə qüsur var.
            - Ailə üzvləriniz əsirlikdən xilas edildi?
            - Bəli, sonradan anam, yoldaşım, 2 yaş 6 aylıq əkiz oğlanlarım əsirlikdən azad edildilər. Övladlarımın ikisi də hal-hazırda polis əməkdaşlarıdır.
           Soyqırım zamanı babamı güllələdilər. Anamın əmisi uşaqları Əkbər, Taleh, Zəkara, onun arvadı və nəvələri şəhid olublar. Atam Laçın uğrunda döyüşlərdə şəhid olub.
    Hüseynağa danışdıqca onu dinləmək və dediklərini yazıya almaq mənim üçün çətin oldu. Çünki onun çəkdiyi müsibətləri az da olsa təsəvvür edə bildim. Ancaq bütün yaşadıqlarına rəğmən, səhhətində yaranan problemlərə baxmayaraq, onda düşmənə nifrəti, döyüş əzminin olduğunu da gördüm. Müsahibə üçün təşəkkür edib acı təəssüratlarla ondan ayrıldım.

    Qalib BƏYMƏMMƏDOĞLU,

    AJB-nin üzvü

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi6 il öncə
    İzlənib41 dəfə
    Hüseynağa Quliyev: “Anam meyitxanada üzünü üzümə söykəyəndə nəfəs aldığımı hiss etdi”

    Maraqlı gələ bilər
    45
    73
    0